Siyasət

Co Bayden Məhəmməd bin Salmana yerini göstərdi: “Bundan sonra onunla ABŞ müdafiə naziri danışacaq”

ABŞ-ın yeni müdafiə naziri Lloyd Ostin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla danışıqlar aparıb.

AnTV.az xarici agentliklərə istinadən xəbər verir ki, görüşü maraqlı edən cəhət ABŞ-ın Səudiyyəli şahzadə ilə müzakirələrini artıq ən yüksək səviyyədə, yəni dövlət başçısı ilə deyil, onun ikinci və üçüncü dərəcəli şəxsləri ilə həyata keçirməsi olub.

Belə ki, bir neçə gün bundan əvvəl Co Baydenin rəhbərliyindəki Ağ Ev prezidentinin bundan sonra vəliəhdlə yox, onun atası kral Salmanla kontakt quracağı barədə bəyanat yayıb. Birləşmiş Ştatların digər rəsmi şəxsləri də yalnız öz vəzifə səviyyələrinə uyğun şəxslərlə qarşılıqlı əlaqə quracaqlar.

Bilindiyi üzrə, Məhəmməd bin Salman öz ölkəsində həm də müdafiə naziri postunu tutur. Şahzadə-nazir Pentaqonun yeni rəhbəri ilə görüşündə hərbi-texniki sahədə əməkdaşlığın əvvəlki kimi yüksək səviyyədə saxlanılacağını bildirib.

Öz növbəsində Lloyd Ostin iki dövlət arasındakı hərbi tərəfdaşlıın strateji əhəmiyyətini vurğulayıb və bu yaxınlarda Yəməndə savaşan husilərin Səudiyyə Ərəbistanına hücumunu pislədiklərini söyləyib. Lakin ABŞ-ın bir həftə bundan qabaq məhz husiləri terror təşkiltları siyahısından çıxarması ekspertlərdə xüsusi maraq oyadıb.

Qeyd etmək lazımdır ki, bir çoxları Məhəmməd bin Salmanı Səudiyyə Ərəbistanın de-fakto lideri hesab edir. Lakin 2018-ci ildə jurnalist Camal Qaşıqçının İstanbuldakı konsulluqda vəhşicəsinə öldürülməsi onun dünyadakı avtoritetinə ciddi zərbə vurub. ABŞ-ın hakim Demokrat partiyasının öndə gələn isimləri arasında ona qarşı ikrah münasibət bəsləyənlərin sayı az deyil.