Cahangir Hacıyevin 4,7 milyard manatlıq cinayət işi MƏHKƏMƏDƏ – RƏSMİ

0
24

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun Mətbuat xidmətləri birgə məlumat yayıb.

AnTV.az xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev banka məxsus olan külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi və digər əsaslandırılmış faktlara görə başlanmış cinayət işi üzrə təqsirli bilinərək müvafiq məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Sözügedən cinayət işinin materiallarından banka məxsus külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi və digər faktlara görə ayrılmış cinayət işi üzrə C.Hacıyev və digər ittihamçılara əlavə ittihamlar irəli sürülməklə bir sıra epizodların istintaqı tamamlanıb.

Aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaqla həmçinin, C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən küllü miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

 Nurlan Cəfəri

 AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin