“Bu məsələ aləmi qarışdırır” – Hadi Rəcəbli

0
61

Hazırda  bir qrup şəhid ailəsi Milli Məclisin qarşısında etiraz aksiyası keçirir. AnTv.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, aksiyaya səbəb aktiv hərbi əməliyyatlar gedən dövrdə (1992-1994-cü illərdə) ölkənin ərazi  bütövlüyü və suverenliyi uğrunda şəhid olan şəxslərin ailə üzvlərinə dövlət icbari sığorta pulunun verilməməsidir. Şəhid ailələri bundan öncə Prezident Administrasiyasının və “Azərsığorta”  Dövlət Sığorta Kommersiya Şirkətinin qarşısında etiraz aksiyası keçiriblər.

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını həyata keçirən “Azərsığorta”dan şəhid ailələrinə bildirilib ki, sığorta ödənişinin həyata keçirilməsi Milli Məclisdən asılıdır.

Etirazçılar bildirirlər ki,  atəşkəs dövründə şəhid olanların ailələrinə dövlət icbari sığorta pulu verilsə də,  Qarabağ müharibəsi dövründə şəhid olanların ailələri prosesdən kənarda qalıb.

Aksiyaçıların nümayəndələrini qəbul edərək problemi dinləyən Milli Məclisin  deputatı Hadi Rəcəbli bildirib ki, bu məsələ Milli Məclis tətəfindən təsdiqləndiyinə görə, burada parlamentlik heç nə qalmayıb: “Bu qərar qəbul olunub. Məsələylə Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi məşğul olur. Görün, nə qədər adamın vaxtını alırsınız. Gedin verin məhkəməyə! Bu məsələ aləmi qarışdırır. Durun burada, istəyirtsiniz səhərədək danışın”.

“Şəhid ailələrinə Sosial Dəstək” İctimai Birliyinin rəhbəri Almaz Zeynalova bildirdi ki, şəhid ailələrinə sığorta ödənişinin verilməsi üçün hüquqi əsas var: “”Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun hələ SSRİ dövründən mövcud idi. Sadəcə, həmin dövrdə sığortanın məbləği aşağı idi. 1991-ci ildən başlayaraq qanun dekret formasında qəbul olundu, 1997-ci ilə qədər şəhid ailələrinə verilən sığortanı tənzimləyən qanun təkmilləşdirildi və məbləğ artırıldı. Azərbaycan öz müstəqilliyini bərpa edəndən bu günə qədər qanun qüvvədə olub, bu gün də öz qüvvəsini saxlayır.

 

Bu qanunun 3-cü maddəsinə əsasən hərbi qulluqçuların sığortaçısı “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətidir və həmin şirkət hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını həyata keçirir. Həmin qanuna görə, hərbi qulluqçu şəhid olarsa, onun vərəsəsinə 11 min manat sığorta pulu ödənilməlidir. Ölüm halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri Dövlət sığorta Kommersiya Şirkətinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə ölüm şəhadətnaməsini, vərəsəlik hüququnu təsdiq edən sənədi  təqdim etməlidir.

 

1 sentyabr 2000-ci il tarixinədək qüvvədə olan Mülki Məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilib. Qeyd edilən hal mülki qanunvericiliyin tələblərinə görə sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia müddəti üçün nəzərdə tutulan üç il keçdiyinə görə sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Şəhid ailələri buna etiraz olaraq məhkəməyə müraciət ediblər. Azərbaycan məhkəmələri bu kateqoriyadan olan vətəndaşların iddialarını haqlı sayaraq, qanunla ödənilməli olan məbləği dövlət, icbari sığorta ödənişinin verilməsi vəzifəsinə cavabdeh Dövlət Sığorta Şirkəti “Azərsığorta”nın üzərinə qoyub. 2012-ci ildən bəri, 42 məhkəmə qərarı “Azərsığorta” tərəfindən icra olunub. Bizim təşkilatın statistikasına əsasən hazırda 70-dən artıq məhkəmə işi icra olunmamış qalır.  Məhkəməyə müraciət etmək istəyənlər yenə var, ancaq biz məsələni Milli Məclisin səlahiyyəti ilə həll etmək istəyirik”.

“Silahlı Qüvvələrin Veteranları” İctimai Birliyinin məlumatına görə, 1988-1994-cü illər ərzində Qarabağ müharibəsi ərəfəsində və müharibə dövründə Vətənimizin ərazi bütövlüyü uğrunda 18 minə qədər şəhid verilib. Şəhidlərin 4600-ü evli olub.

Gülnaz Qənbərli

Antv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin