Britaniya parlamentində Breksitin yubadılması səsə qoyulacaq

0
3

Avropa İttifaqı tərəfdarlarından biri parlamentin yaxınlığında aksiya keçirir.

AnTV.az xəbər verir ki, Martın 14-də Britaniya parlamenti ölkənin Avropa İttifaqından çıxmasının yubadılmasını Brüsseldən xahiş edib-etməməyi səsverməyə çıxaracaq. Bir gün öncə isə İcmalar Palatası Aİ-dən razılaşmasız çıxmağın əleyhinə səs verib. Britaniya Aİ-dən martın 29-da çıxmalıdır, amma Britaniya bu tarixin uzadılmasını rəsmən xahiş edərsə və Brüssel buna razılaşarsa, proses yubana bilər. Avropa Şurasının Prezidenti Donald Tusk martın 14-də deyib ki, Aİ Britaniyaya ayrılmaq üçün uzun zaman verməyə açıq olmalıdır.

Tusk tvitində yazıb ki, Aİ-nin qalan 27 ölkəsinin liderlərinə bununla bağlı müraciət edəcək. Martın 12-də britaniyalı deputatlar Breksit sazişinin yenilənmiş versiyasını rədd ediblər. Sazişi Baş nazir Theresa May Brüssellə razılaşdırmışdı. May gələn həftə deputatların Breksit sazişini dəstəkləməsi üçün üçüncü cəhdini edəcək.

Aİ rəsmiləri isə təkidlə bildirirlər ki, May hökuməti ilə əldə olunmuş saziş üzrə təzədən danışıq aparılmayacaq. Onların deməsinə görə, Aİ Breksitin yubanmasını təsdiqləyərsə, Britaniyayla Brüsselin gələcək münasibətləri üzrə də danışıqlar olmayacaq.

Avropa Parlamentinin altı üzvdən ibarət Breksit panelindən Danuta Hubner deyib ki, “Britaniya Parlamenti sazişi martın 29-dək təsdiqləməsə, Britaniyaya ertələmənin hansı əsasla və niyə veriləcəyi aydın deyil”.

“Vaxtı uzatmağa doğru gedir, amma hələ çox şey naməlumdur”, – Hubner vurğulayıb.

Britaniya Parlamenti Avropa İttifaqından sazişsiz ayrılmağın əleyhinə səs verdi

Britaniya Parlamenti cüzi fərqlə ölkənin Avropa İttifaqından sazişsiz çıxmasının əleyhinə səs verib. Beləliklə bu səsvermə ölkənin Avropadan razılaşmasız “boşanması” variantını masa üstündən götürüb. Bundan 24 saat əvvəl Britaniya parlamenti baş nazir Theresa May-in Brexit planını ikinci dəfə rədd etmişdi. Millət vəkilləri hökumətin təklifinə baronessa Caroline Spelman tərəfindən təqdim olunmuş düzəlişi 312 leyhinə, 308 əleyhinə nisbəti ilə qəbul ediblər.

Britaniya mətbuatı yazır ki, baronessa bu təklifi, səsverməyə lap az qalmış geri götürməyə çalışsa da, spiker John Bercow buna icazə verməyib. Lakin millət vəkilləri həm də Britaniyanın Avropa İttifaqından çıxışını nəzərdə tutan 50-ci maddənin 22 mayadək uzadılmasının əleyhinə səs veriblər. Hökumət rəsmiləri millət vəkillərini “ölkənin taleyi naminə” fikir ixtilaflarını bir tərəfə qoymağa çağırırlar.

Bəzi rəsmilər bildirirlər ki, Avropa İttifaqından sazişsiz çıxış Britaniyanın dərin iqtisadi böhrana yuvarlanmasına və hətta parçalanmasına səbəb ola bilər.

AnTV.az

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin