Bakıda taksi sürücüsü maşını məktəblilərə çırpdı

Bakıda yolu keçmək istəyən şagirdlərin avtomobillə vurulması ilə bağlı video-kardlar yayılıb. “Təhlükəsiz şəhər” kamerasına düşən bu görüntülərin məktəblərdən birinin qarşısında qeydə alındığı məlum olsa da, söhbətin konkret hansı məktəbdən getdiyi məlum deyil.

AnTV.az Avtosfer.az-a istinadən  məlumat verir ki, “VAZ 21 07” markalı, üzərində “taksi” nişanı olan avtomobilin sürücüsü 4 şagirdi məktəbin qarşısında düşürür. Şagirdlər yolu keçmək istəyən zaman asta sürətlə “Mercedes” markalı avtomobil onların qarşısından keçir. Onlar dayanıb qarşıdakı avtomobilin keçməsini gözləyirlər. Bu zaman qəfildən “VAZ 21 07” markalı avtomobilin sürücüsü sürətlə avtomobili uşaqların üstünə sürür, məktəbliləri digər avtomobilə çırpır.

Ətrafdakı şəxslərin köməyi ilə “VAZ 21 07” avtomobilini geri çəkirlər. Hadisənin qəsdən və ya hansısa nasazlıqdan, ya da səhvən törədildiyi məlum deyil. Şagirdlər arasında ölən olmasa da, onların ağır yaralandıqları bildirilir. Qızlardan biri daxili qanama ilə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı əlavə məlumat almaq üçün Bakı Şəhər Baş Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovla əlaqə saxladıq. O, virtualaz.org-a hadisədən xəbərsiz olduğunu, məsələni araşdıracağını dedi.

 

AnTV.az