“Azərbaycanda 240 saatlıq hərbi rejim tətbiq edilməlidir”

Ölkədə koronavirusla aparılan mübarizə  vətəndaşlarımızın laqeydliyi səbəbindən effekt verməməkdədir.

AnTV.az “Baxar.az”-a istinadən xəbər verir ki, bu barədə Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu öz feysbuk səhifəsində paylaşım edib:

“Heç kim özünün, övladlarının, yaxınlarının təhlükəsizliyini düşünmür. Hər kəs hər bir məsələni çox təəssüflər ki, dövlətdən və hakimiyyətdən gözləyir. Bu beləmi olmalıdır?! ƏSLA! Hər bir şəxs özünün və ailəsinin təhlükəsizliyini qorumalı, dövlətin çağırışlarına əməl etməlidir. Ən əzından unutmaq lazım deyil ki, bu gün tətbiq olunan karantin rejimi insanlarımızı qorumaq naminə atılmışdır. Çox üzücüdür ki, cəmiyyətdə hələ də “virus yoxdur, oyundur” deyən beyinlər mövcuddur. Bu beyinlərin niyyəti nədir? Milləti məhv etməkmi ?! Ölkə bu gün faktiki görünməz düşmənlə mübarizə aparır. Hökümət SMS-lə çıxış tətbiq edib. Lakin hamı çöldədir… Bəzi geri zəkalı beyinlər də bu vətəndaş məsuliyyətsizliyi ilə mübarizə aparmaq əvəzinə bir dönərə, bir kolaya “Yaşa mənim xalqım!” mahnısı ifa edərək məddahlıq etməklə məşğuldurlar…

Utanma yox, qızarma yox.

Bu nə beyindir?! Bu kimi düşük və səviyyəsiz ideaların müəlliflərinin kim olması mənim üçün şəxsən sadəcə maraqlıdır…

Mən buradan ölkə rəhbərliyinə səslənirəm:

Vətəndaşlarımız dərk etmir, faktiki karantin rejiminə əməl edilmir. Bu da öz növbəsində bu pandemiyanın sürətlə yayılmasına səbəb olur. Bu səbəbdən də təklif edirəm daha sərt tədbirlər tətbiq edilsin. Hesab edirəm ki, ölkədə 240 saatlıq hərbi vəziyyət elan edilməli və hərbi vəziyyət haqqında qanuna uyğun olaraq da vətəndaşlarımızın hüquq və azadlıqlarının 240 saatlığa tam məhdudlaşdırılması təmin edilməlidir!

Hərbi vəziyyət və ya fövqəladə vəziyyət elan edilməsə əminəm ki, çox yaxın günlərdə bu virus bütün ölkəni bürüyəcək və hər gün minlərlə insan bu xəstəliyə yoluxaraq ölkəmizə daha böyük bəlalar gətirəcəkdir… Çox heyf ki, heç də hamı olacaqları, bəlanı tamlıqla dərk etmir, bəlanın qapımızda olmasına rəğmən məsuliyyətsizliyə davam edir.

Hər şeyi dövlətdən, hökümətdən gözləmək də yalnışdır. Hesab edirəm ki, hər bir vətəndaş öz-özünü və ailəsini qorusa bu bəladan tezliklə çıxa bilərik. Amma etmirik… İşimizi hökümətin tənqidi üzərində qurmuşuq. Bu isə öz-özlüyündə doğru deyildir! Düşünürəm ki, hökümət üzərinə düşün misiyanı layiqincə həyata keçirməkdədir. Bizə isə əməl etmək qalır…

Ortaya haqlı sual çıxa bilər ki, NİYƏ FÖVQƏLADƏ VƏZİYYƏT YOX DA, MƏHZ HƏRBİ VƏZİYYƏT ELAN OLUNMASINI TƏKLİF EDİRƏM?

Ona görə hərbi vəziyyət elan edilməsini təklif edirəm ki, bu gün bizlər məhz gözə görünməz koronavirus adlı bəşər düşməni ilə üz-üzəyik! Hansı ki, bu düşmən artıq insanlarımıza, vətəndaşlarımıza qarşı hücuma keçib.

Yüzlərlə can almış, on minlərlə insanı yataq xəstəsi edərək evlərindən didərgin salmışdır… Bu səbəbdən də hakimiyyətə səslənirəm, daha sərt karantin rejiminə keçməyin zamanıdır. Sizləri daha sərt karantin rejiminə keçid edərək ölkədə hərbi vəziyyət elan etməyə səsləyirəm.

Vətəndaşlarımızın xoşbəxt və sağlam gələcəyi naminə yubanmaq olmaz.

Bu səbəbdən də Gələcək Azərbaycan Partiyası olaraq  qəbul ediləcək  bütün mümkün sərt qaydalara keçidi dəstəkləyirik.

#yaşasınAzərbaycan #bizbirlikdəgüclüyük”

 

AnTV.az