Sosial

Azərbaycana 34 tona yaxın at əti gətirilməsinin qarşısı alındı

Qida Təhlükəsizliyi Agentliyi (AQTA), “Tursan-İ” MMC-nin sifarişi əsasında Gürcüstan Respublikasının “G&A Group” şirkəti tərəfindən Ukraynadan alınaraq, beynəlxalq baytarlıq sertifikatı ilə Azərbaycana ixrac edilən 33991,15 kq dondurulmuş mal ətinin ölkəyə idxalının qarşısını alıb. Agentlikdən  AnTv.az-a verilən məlumatda bildirilir ki, təhlükəsizlik göstəricilərinin yoxlanılması və ətin mənşəyinin təyin edilməsi məqsədilə mal əti adı ilə ölkəyə idxal olunan məhsuldan əvvəlcə qanunvericiliyin tələblərinə uyğun olaraq nümunələr götürülüb. Və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Aparılan sınaq yoxlamanın nəticələrinə əsasən, təqdim edilmiş ət nümunələrinin at əti olduğu aşkar edilib. Bununla əlaqədar olaraq, Agentlik tərəfindən həmin məhsulun ölkəyə idxalı dərhal dayandırılıb. Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri bundan sonra da ardıcıl surətdə davam etdiriləcək, qanuna zidd fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi tədbirlər görüləcək.