“Azərbaycan – yurdum mənim!” devizi altında tədbir keçirilib

0
12

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi çərçivəsində Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində 15 ildən artıqdır ki, müntəzəm və səmərəli fəaliyyət göstərən, Bakı şəhərinin müxtəlif məktəblərində təhsil alan 100-dən çox şagirdi birləşdirən Liderlik Məktəbində 9 noyabr – Dövlət Bayrağının 100 illiyi münasibətilə “Azərbaycan – yurdum mənim!” devizi altında tədbir keçirilib.

AnTv.az-ın xəbərinə görə, tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri, Azərbaycanın tanınmış hərbi diktoru və hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı və oğlu Tural, Liderlik Məktəbinin üzvü olan 120-dən çox məktəbli və valideynlər iştirak ediblər.

Ombudsman Dövlət Bayrağının 100 illiyi münasibətilə iştirakçıları təbrik edib, xoş arzularını bildirib. O, vurğulayıb ki, bu il əlamətdar hadisələrlə zəngindir, 100 illiyi qeyd edilən Azərbaycan Xalq Cümhuriyyəti dövründə digər böyük tarixi nailiyyətlərlə yanaşı, müstəqil respublikamızın Dövlət Bayrağı qəbul edilib.

Diqqətə çatdırılıb ki, bu il anadan olmasının 95-ci və hakimiyyətə qayıtmasının 25-ci ildönümlərini qeyd etdiyimiz Ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, ölkəmizdə Xalq Cümhuriyyəti İlinin elan olunması, bununla əlaqədar paytaxt və regionlarda silsilə konfransların, tədbirlərin təşkili, o cümlədən Milli Ordunun yaradılmasının və Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı möhtəşəm hərbi paradların keçirilməsi hər bir vətəndaşda fərəh hissi yaşadır. Dövlət Bayrağının 100 illiyi ilə bağlı tədbirlər də bu qəbildəndir.

Müvəkkil söyləyib ki, 100 illiyi qeyd edilən Azərbaycan Ordusunun, Parlamentinin, Prokurorluq, Ədliyyə, Daxili İşlər orqanlarının bu günkü fəaliyyətləri hər bir soydaşımızın qürurudur. Qadına ilk seçki hüququ verən Xalq Cümhuriyyətimiz bu gün Azərbaycan qadınına yaratdığı bərabər hüquqların özülünü qoymuşdur.

E.Süleymanova habelə 12 noyabr – Konstitusiya günü ilə bağlı məlumat verib. Diqqətə çatdırılıb ki, Ulu öndər Heydər Əliyevin böyük səyləri ilə 1995-ci ildə qəbul olunmuş müstəqil respublikamızın ilk Konstitusiyası sonrakı dövrlərdə referendumlar nəticəsində daha da təkmilləşmiş, insan hüquqlarının daha səmərəli təmininə zəmin yaratmışdır. Hazırda ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə bütün sahələrdə sürətli inkişaf və mühüm islahatların aparılması, insan hüquqları istiqamətində irəliləyişlər, ordu quruculuğundakı böyük nailiyyətlər, o cümlədən 2016-cı ildə xalqımıza qələbə müjdəsi yaşadan Aprel döyüşləri barədə ətraflı məlumat verilib.

Ombudsman Liderlik Məktəbində üzvlərə “Azərbaycan – yurdum mənim!” devizi ilə Azərbaycanın tanınmış ziyalıları ilə görüşlərin, interaktiv məşğələlərin uşaqların daha çox biliklər əldə etməsinə, layiqli vətəndaş ruhunda yetişməsinə kömək etdiyi bildirib. O, vətənpərvərlik əhval-ruhiyyəsinin formalaşmasında hərbi marşların və vətənpərvərlik mövzusunda mahnıların əhəmiyyətli olduğunu, bu sahədə Şəmistan Əlizamanlının xüsusi rolunu vurğulayıb.

Şəmistan Əlizamanlı bu əhəmiyyətli tədbirə dəvətə görə Müvəkkilə minnətdarlığını bildirib, onun insan hüquqları, o cümlədən uşaq hüquqları istiqamətində çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirib. O, ötən dövrlərdə də Liderlik Məktəbində uşaqlarla səmərəli görüşlər keçirdiyini xatırlayıb, budəfəki görüşdə də vətənpərvərliyin təbliğinə dəstək sahəsində fəaliyyəti, o cümlədən hərbi diktor olduğunu, bir çox tanınmış hərbi vətənpərvərlik mahnılarını ifa etdiyi barədə məlumat verib. O, ölkəmizdə və xaricdə bir sıra sənədli filmlərə çəkildiyini, habelə bir neçə filmin onun səsi ilə efirə verildiyini bildirib.

Ş.Əlizamanlı tədbir iştirakçıları ilə birgə “Cənab leytenant”, “İgid əsgər”, “And içirik”, “Qalx, Azərbaycan!” və digər patriotik mahnıları ifa ediblər.

Sonra Liderlik Məktəbinin üzvləri vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Yekunda iştirakçılar belə tədbirlərin təşkilinə görə Ombudsmana təşəkkürlərini bildiriblər.

Gülnaz Qənbərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin