Azərbaycan Xalq Hərəkatı təcili bəyanat yaydı

0
976

Azərbaycanda fəaliyyət göstərən, müxalif siyasi partiyaların təmsil olunduğu Azərbaycan Xalq Hərəkatı təcili bəyanat yayıb.

AnTV.az xəbər verir ki, növbəti qurultaya hazırlaşan hərəkat “Gəncə hadisələri”-nin ədalətli araşdırılmadığına görə Azərbaycan hakimiyyətinə qarşı sərt bəyanat yayıb.

Bəyanatın mətnini təqdim edirik:

Azərbaycan Xalq Hərəkatının Gəncə hadisələri ilə əlaqədar həbs olunmuş şəxslərin işgəncələrə məruz qalmaları və istintaq işinin ədalətli aparılmamasına dair etiraz

                                    B     Ə     Y       A      N      A     T    I

Təəssüflə qeyd olunmalıdır ki, mövcud Azərbaycan hakimiyyəti heç bir qanuna sığmayan, bəşəri dəyərləri nəzərə almayan siyasət yürüdərək, dinc, günahsız insanlara qarşı repressiv siyasətini davam etdirir, insanlar heç bir əsas olmadan şərlənib həbs olunur, ağır işgəncələrə məruz qalır və müəmmalı şəkildə qətlə yetirilirlər!

Ötən ilin iyul ayında Gəncədə baş vermiş ixtişaşlar nəticəsində həbs olunmuş şəxslərə qarşı törədilən işgəncələr və heç bir məhkəməsiz qətlə yetirilən 8 nəfərin taleyinə qarşı biganəlik də məhz bu qəbildən olan məsələlərdən biridir.

Son dövrlər isə Gəncə hadisələri ilə bağlı aparılan ədalətsiz məhkəmələr, həbs olunmuş şəxslərin valideynlərinin ədalətli məhkəmə tələbləri, övladlarının günahsız olmaları ilə bağlı ah-nalələri artıq ərşə çəkilmişdir. Azərbaycanın ictimai-siyasi gündəmini bu və buna bənzər hadisələr demək olar ki, zəbt etməkdədir. Azərbaycanda həbsdə olan 100-ə yaxın siyasi məhbuslar siyahısına, “Gəncə hadisələri” zamanı günahsız həbs olunmuş şəxlərin də adlarının salınması artıq reallaşmaq üzrədir.

Bu isə bugünə qədər çox zəif olan beynəlxalq imicimizə zərbə vurur və bu cür addımlar artan xətlə davam etməkdədir.

Acınacaqlı hal odur ki, mövcud hakimiyyətin vətəndaşlara qarşı amansız və qeyri insani münasibətləri davamlı olaraq illərdir ki, yaşanmaqdadır. Hakimiyyət daxilində sanki belə repressiv siyasəti bilərəkdən həyata keçirmək istəyən böyük bir şəbəkə var. Bu şəbəkə Azərbaycanımızı nüfuzdan salmağa, dövlət-vətəndaş qarşıdurması yaratmağa səy göstərməkdədir.

Azərbaycan Xalq Hərəkatına daxil olan siyasi qüvvələr hesab edir ki, “Gəncə hadisələri” zamanı həbs edilmiş Aydın Qurbanovun həbsxanada dünyasını dəyişməsi, əlavə olaraq 2 nəfər polis zabitidə daxil olmaqla daha 8 nəfərin qətlə yetirilməsi və bu qəbildən olan digər müəmmalı proseslərin getməsi aparılmış ibtidai istintaq prosesinə kölcə salmış olmuşdur.

Respublikanın Baş Prokrorluğu, “Gəncə hadisələri“-nin araşdırılmasında qərərzi mövqe nümayiş etdirmiş, məhkəmə istansiyaları ədalətdən uzaq mövqe sərgiləmiş, bütün bunlar azmış kimi məhkumlara işgəncələr verməklə, onları törətmədikləri cinayətləri öz üzərlərinə götürməyə məcbur etmişlər!

Azərbaycan Xalq Hərəkatı olaraq hakimiyyətdən vətəndaşlara qarşı həyata keçirilən repressiya, qanunsuz həbslər və işgəncə hallarının dayandırmağı, Gəncə hadisələri zamanı həbs olunmuş bütün şəxslərin istintaqının və məhkəmə proseslərinin ədalətli aparılmasını, günahları olmayan soydaşlarımızın dərhal və qeyri şərtsiz azad olunmasını tələb edir, bu işdə cinayət törətmiş şəxlərin tezliklə tapılıb cinayət məsuliyyətinə cəlb olunmalarını israrla tələb edirik.

Azərbaycan Xalq Hərəkatı Azərbaycan dövlətinin mənafeyini hərşeydən üstün tutaraq bəyan edir ki, beynəlxalq imicimizi zərbə altına atan bu cür repressiv siyasətə son qoyulmalı, demokratiyanın bərqərar olmasına əngəl törədən bu kimi amillər aradan qaldırılmalı, dövlət-vətəndaş qarşıdurması yaradaraq Azərbaycanın müstəqilliyini zərbə altına atmağdan əl çəkilməlidir!

Biz Azərbaycan Xalq Hərəkatına daxil olan siyasi partiyalar və ictimai xadimlət belə qanunsuz hallara qarşı mübarizənin önündə olan bir təşkilat kimi mövcud hakimiyyətdən apardığı represiya siyasətinə son qoymasını birmənalı olaraq tələb edirik!

Azərbaycan Xalq Hərəkatı Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin