AXCP sədri Əli Kərimlidən sabiq nazir İsgəndər Həmidova dəstək

0
378
AXCP sədri Əli Kərimli

Xəbər verdiyimiz kimi Azərbaycan Xalq Hərəkatının qurucularından biri olan sabiq Daxili İşlər Naziri İsgəndər Həmidov səhhətində yaranan problemlərə görə ölkəni tərk edib. AnTV.az-a gələn özəl məlumata görə, o, ölkədəki səhiyyə sisteminə güvənmədiyi üçün bu addımı atdığı bildirilir. 

AnTV.az xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli sosial şəbəkə hesabından sabiq nazir İsgəndər Həmidova dəstək nümayiş etdirib. O, İsgəndər Həmidova şəfa diləyib:

“İsgəndər Həmidovun yenə də ürəyində problem yaranıb. Cərrahi əməliyyat üçün xaricə aparılıb. İsgəndər bəyə Allah şəfa versin! İnşallah, tezliklə sağalıb, qayıdar.”

Partiya sədri həmçinin son günlər Azərbaycan Xalq Hərəkatı üzvlərinin həbs olunmasına da münasibət bildirərək aparılan təzyiqləri qəti şəkildə pisləyib və hesab edib ki, hakimiyyət  İsgəndər Həmidovun ölkədə olmamasından istifadə edərək bu addımları atır:

“Çox paradoksaldır ki, İsgəndər bəyin xəstə olduğu günlərdə onun tərəfdarlarının toplandığı siyasi qurumlara qarşı ciddi təzyiqlər başlanıb. Azərbaycan Milliyətçi Demokrat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin dönəm sədri, AXH İdarə Heyətinin üzvü, Qarabağ savaşının veteranı İlyas Abdullayev və Qarabağ qazisi Yavər Mikayılov artıq bir neçə gündür həbs olunub. Partiyadaşları hesab edir ki, onlar “bandotdel”dә saxlanılırlar. Şirvan şəhərindən 14 yaşlı Nağızadə Mirsəbutay mənə yazır ki, AXH İdarə Heyəti üzvü olan atası Mirhüseyn Nağıyevi Araz Quliyevlə birlikdə həbs edib, Bakıya aparıblar. Milliyətçi Demokrat Partiyasından verilən məlumata görə, onların Şəki, Qubadlı, Sumqayıt, Bərdə rayon təşkilatlarının rəhbərlərini də həbs edib, “bandotdel”ә aparıblar. Repressiya və təzyiqləri qəti şəkildə pisləyirəm. Həbs edilmiş şəxslər azad edilməlidir. Siyasi proseslərə polis müdaxiləsinə son qoyulmalıdır!”

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin