Siyasət

Atəşkəs müqaviləsindən necə qurtulmaq olardı? -  Eks-spiker açıqlayır

Eks-spiker Rəsul Quliyev atəşkəs müqaviləsindən danışıb.

AnTv.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri Rəsul Quliyev Rusiyada imzalanan atəşkəs müqaviləsindən danışıb. Tanınmış ictimai-siyasi xadim hesab edir ki, bu müqavilə birbaşa Ermənistana əlavə güc vermək üçün hesablanıb:

"Rusiya Federasiyasının Azərbaycana təsir edə biləcək imkanları kifayət qədərdir. Ermənistan isə ümumiyyətlə Rusiyadan tam asılıdır. 

Bu günki Ermənistanın xarici siyasəti Rusiya Federasiyasının əleyhinədir, çünki Paşinyan Avropa İttifaqı və NATO-ya yaxınlaşmaq istəyir və bunu gizlətmir. NATO-ya üzv olmaq müraciətinin ilk şərti Ermənistandan başqa ölkələrə mənsub olan hərbi bazaların, yəni Rusiyanın bazasının ləğv edilməsidir! Buna baxmayaraq Rusiya Ermənistana kömək etmək üçün Azərbaycana qarşı işlədə biləcəyi təsir metodlarını işə salır. Və Azərbaycanı Ermənistanın şərtlərini qəbul etməyə məcbur edir. 

Atəşkəs elan ediləndən sonra Ermənistanın Gəncəyə böyük çaplı raket atması, Mingəçeviri vurma cəhti həmçinin erməni ordusunun azad edilmiş torpaqların geri qaytarması üçün hucumlar təşkil etməsi bir daha Ermənistanın atəşkəs müqaviləsinin məqsədini açıq aydın göstərir. 

 Düşünürəm ki, onların məqsədi azad edilmiş torpaqlarımızı yenidən işğal etmək və əlavə torpaqlar ələ keçirməkdir. Və Rusiya Federasiyası bu mandatı onlara artıq veribdir. Rusiya Federasiyası bu gün intensiv Ermənistana silah sursat daşıyır. Bu bir faktdır. Bütün bunların əvəzində isə Ermənistan xarici siyasətini dəyişdirməlidir, çünki bu silahlar heç bir pul ödənişi olmadan verilir, çünki Ermənistanın pulu yoxdur!"

"Rusiya aqressordur"

Proseslərin gedişatı eyni zamanda onu da göstərir ki, Azərbaycan yaxın vaxtlarda Rusiyadan əlavə silah-sursat ala bilməyəcəkdir. 
 
Hesab edirəm ki, Azərbaycan Türkiyənin köməyindən istifadə etməli və Rusiya Federasiyasının istənilən şantajından qorxmamalıdır! Hər-halda qüvvələrini Çin sərhədindən tutmuş Ukrayna, Belarusya, Baltik ölkələri sərhədlərində cəmləşdirmiş Rusiya Federasıyası Qafqazda, yaxın şərqdə Türkiyədən qat qat zəifdir. 

Əminliklə söyləyirəm ki, həlak olanları dəyişmək üçün heç bir atəşkəs lazım deyildir. Ermənilərin məqsədi bu yolla müharibənin gedişini dəyişdirmək idi və hazırda da bu işlə məşğuldurlar."

Eks-spiker Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramova da vacib məsləhətlərini verib. O hesab edir ki, atəşkəs müqaviləsindən imtina etməyin bir neçə yolu vardır:
   
" Nazirin Rusiyaya getməsi problem deyildir. Problem mahiyyəti başa düşülməyən atəşkəs müqaviləsinə qol çəkməkdir. Orada heç "Ermənistan atəşkəsə əməl etməzsə Müharibəni davam etdirmək Azərbaycanın haqqıdır!"  cümləsi belə yoxdur. Nə qədər müddətə atəşkəs davam edəcək də qeyd olunmuyub. Əgər Rusiya Federasiyasının təzyiqlərinin qarşısında davam gətirə bilmirsənsə qol çəkməməyin iki yolu var: 

-Birincisi Prezidentin başı qarışıqdır, onunla əlaqə saxlaya bilmirəm, mən qol çəkə bilmərəm. Sənədi götürüb Bakıya uçuram, razılıq olsa sabah burada olacağam." demək olardı. Bu diplomatik dildə qol çəkmirəm deməkdir. Misal üçün Putinin təzyiqindən qurtarmaq üçün Prezident Türkiyəyə qısa müddətli məsləhətləşmək səfərinə gedə bilər. 

-İkincisi cənab nazir istefa verdiyini və sənədə qol çəkmək hüququnun olmadığını elan edə bilər!

Rusiya aqressordur. Ordusunu Qırğızıstana yeridib və bir daha oradan çıxan deyildir. Qoşunları Ukraynanın Krım və Donbasında məskunlaşıb. Gürcüstanın ərazilərinə qoşun yeridib və çıxan deyildir. Çox ehtimal bu yaxınlarda Belarusiyaya da qoşun yeridəcək. Azərbaycan qətiyyətli pozisiya tutmasa qoşunlarını "atəşkəsə əməl etmək məqsədilə" Dağlıq Qarabağa və onun ətraf rayonlarına yeridəcək. Rusiya Federasiyasının məqsədi bundan ibarətdir, bunu görməmək mümkün deyildir. Fransa da Rusiyanın bu addımını dəstəkləyəcək.