Arif Əsgərov və oğlunun adı daha bir qalmaqalda

0
49

Ata-bala bankdan kredit alıb qaytarmayıblar

Ali Məhkəmə  sabiq nazir müavini Arif Əsgərov barəsində qərar çıxarıb. Keçmiş nazir müavini oğlu Elnar Əsgərovla birlikdə Əmanətlərin Sığortalanması Fonduna 92 min 622 dollar pul ödəməlidir.

Qərara görə, Elnar Əsgərov hələ atası nazir müavini olan dövrdə – 2015-ci ilin noyabrında “Dəmirbank”dan götürdüyü krediti qaytarmayıb. Atası bu kreditin qaytarılacağına zaminlik etdiyinə görə borcu qaytarmaq öhdəliyi onun da üzərinə qoyulub.

İş üzrə Əmanətlərin Sığortalanması Fondu Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Əsgərovlar barəsində qiyabi qətnamə çıxarıb. Məhkəmə qərarına görə  92 min 622 dolların 86 min 026 dolları əsas borc, 6595 dolları faiz, 1 dolları isə cərimə borcudur. Əsgərovlar bu qərardan xəbər tutandan sonra apelyasiya şikayəti veriblər. Şikayətləri təmin olunmayıb. Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə də Binəqədi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Arif Əsgərovun və oğlunun adı illərdir ki, mətbuatda böyük maxinasiyalarda hallanır.  Sabiq nazir müavini və oğlunun bir neçə bankdan götürdüyü kreditləri qaytarmadığı iddia olunur. “Dəmirbank”la yanaşı, “Bank of Baku” və “Bank Standard” da ondan məhkəməyə şikayət edib. “Bank of Baku”nun iddiası üzrə prosesdə Elnar Əsgərovun vəkili etiraz edib ki, bu işə Binəqədi Rayon Məhkəməsində yox, Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Çünki Elnar Əsgərov Binəqədi rayonunda qeydiyyatda olsa da, faktiki Nərimanov rayonunda yaşayır. Amma bu şikayətlər təmin olunmayıb.

Əmanətlərin Sığortalanması Fondunun “Bank Standard”a borca görə Elnar Əsgərova qarşı qaldırdığı iddia üzrə iş isə hazırda Ali Məhkəmədədir.

Elnar Əsgərovun adına bağlı ilk qalmaqal 11 il öncə Böyük Britaniyada olmuşdu. 2008-ci ildə 22 yaşı olan Elnar Əsgərov Londonda təhsil aldığı universitetdə imtahanlara öz əvəzinə saxta sənədlə başqasını göndərmişdi. Bu faktın üstü açılandan sonra onların hər ikisi ilə bağlı araşdırmalar başlamışdı.

Ötən il isə xalası Lətifə Hüseynova oğulları Emil və Rahibin dələduzluq suçlaması ilə həbsinə görə Elnar Əsgərovu günahlandırırdı. Lətifə Hüseynova “Yeni Müsavat”a demişdi ki, adamlardan pulu Elnar Əsgərov alıb, amma onun övladlarını məsuliyyət altında qoyub. Faktiki olaraq nazir müavini özünü və oğlunu xilas etmək üçün baldızının oğlunu güdaza verib.

Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. O, 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edilərək, nəqliyyat nazirinin müavini təyin edilib. Sonradan Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib və o, vəzifəsini itirib.

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin