Siyasət

Ağasif Şakiroğlu: “Hesab edirəm ki, hakimiyyət məsuliyyəti üzərinə götürüb çoxtərəfli araşdırma aparmalıdır”

“Şəxsi həyatı yaymaq, insanları şantaj edərək siyasi nüfuzunu aşağılamağa yönəlik istənilən addım qəbuledilməzdir. Bu həm cəmiyyət üçün, həm də dövlətimiz üçün yaxşı heç nə vəd etmir. 

Çox təəssüf edirəm ki, siyasi mübarizə və münasibətlər sistemini kimlərsə gətirib bu səviyyəyə çatdırmaq istəyir. İdeoloji mübahisələri, intelektual rəqabəti, söz və fikir mübahisələrini belə cılız və əxlaqsız müstəviyə salmaqda maraqlı olan şəxslər mütləq şəkildə müəyyən edilib cəzalandırılmalıdır. 

Konstitusiyaya görə, hər bir insanın şəxsi həyatı toxunulmazdır. Heç kimin yaşam tərzi müzakirə predmetinə çevrilə bilməz və buna görə kimsə qınana bilməz. Qeyri-qanuni şəkildə kiminsə ailə həyatına, yataq otağına burun soxmaq mənəvi dəyərlərə də uyğun gəlmir. Hesab edirəm ki, hakimiyyət məsuliyyəti üzərinə götürüb çoxtərəfli araşdırma aparmalı, bu əməli törədənləri müəyyən edərək cəmiyyətin gözü qarşısında ifşa edərək cəzalandırmalıdır. 

Hesab edirəm ki, bu tip əxlaqsız “mübarizə” metodları vasitəsilə cəmiyyətimiz tərəfindən qəbul edilməz münasibətlər silsiləsi formalaşdırmaq istəyən müəyyən qüvvələrin dövlətçiliyimizə, milli dəyərlərimizə, ölkədə mövcud olan siyasi həmrəyliyə, eyni zamanda aparılan siyasi dialoqa zərbə vurmaq niyyətlərindən qaynaqlanır. 

Qarabağ üzərində böyük geopolitik savaşın bitmədiyi, əksinə, daha gərgin mərhələyə keçdiyi və belə həssas situasiyada ölkəmizin içində milli və siyasi həmrəyliyin son dərəcə vacib olduğu bir vaxtda belə bir əxlaqsızlığa imza atanların məqsədi siyasi münasibətləri daha da gərginləşdirməyə, qarşıdurmaya və aşkar düşmənçiliyə çevirməyə hesablanmış növbəti bəd niyyətli təxribatdır. 

Unutmaq lazım deyil ki, dövlət üçün ən böyük təhlükə öz dövlətindən qisas almağa hazır narazı vətəndaşların “yetişdirilməsi"dir. Görünür kimlərsə bu motivlə hərəkət etməkdə israrlıdırlar. 

Son olaraq bir daha aidiyyatı dövlət qurumlarını ölkəmizin siyasi münasibətlər sisteminə yönəlik məlum mənəvi siyasi terroru hər tərəfli araşdırmağa, təqsirkarları müəyyən edərək kimliyindən asılı olmayaraq cəzalandırmağa çağırıram. Hesab edirəm ki, bu hadisənin ifşası dövlətimizin düşmənlərinə, ölkəmizdə milli həmrəyliyi pozaraq “parçala, hökmranlıq et” niyyəti ilə yaşayanlara ən böyük cavab olmuş olar.”

Ağasif Şakiroğlu
Gələcək Azərbaycan Partiyası