ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Bakıda səfərdə olacaq

Amnesty International” USA (Beynəlxalq Amnistiya Təşkilatı) hüquq-müdafiə təşkilatı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Bakı səfəri zamanı Azərbaycan hakimiyyətindən insan hüquqlarının pozulmasına son qoyulmasını tələb etməyə çağırıb. AnTv.az-ın xəbərinə görə, bu haqda təşkilatın oktyabrın 19-da Ağ Evə göndərilən məktubunda qeyd olunub. Belə ki, bildirilib ki, Azərbaycan hakimiyyəti müntəzəm olaraq fikrin ifadə olunması azadlığını pozur, hökumət bütün əsas kütləvi informasiya vasitələrinə nəzarət edir, hüquq müdafəçilərinin qorxudulması üçün qanunvericilikdən və birbaşa zorakılıqdan istifadə edir: “Azərbaycan hakimiyyətinin həbs etdiyi şəxslər ədalətsiz məhkəmə çəkişmələri ilə üzləşməli olur və ədalətli müdafiə ilə təmin olunmurlar. Məhbusların bəzisi həbsxanada ölüb. Biz Azərbaycan administrasiyasına təzyiqlərin insan hüquqları sahəsində müsbət nəticə verdiyini görmüşük. 2017-ci ildə hakimiyyət jurnalist Mehman Əliyevi həbs etməyə qərar verdikdə bu, sərt reaksiyaya səbəb oldu və sonda onu həbsdən buraxdılar, sonra isə üzərindən ittihamları götürdülər”. Müəlliflər Boltona tövsiyə ediblər ki, Azərbaycan rəhbərliyi ilə müzakirələr zamanı aşağıdakı məsələləri qaldırsınlar:
- a) 2017-ci ilin mayında Tbilisidə oğurlanıb qanunsuz olaraq Azərbaycana göndərilmiş və orada həbs edilmiş Əfqan Muxtarlı dərhal və qeyd-şərtsiz azadlığa buraxılsın;
- b) Hakimiyyətin siyasi opponentlərini müdafiə etdiyinə görə, öz işindən kənarlaşdırılan vəkillərin hüquqları bərpa edilsin;
- v) Demokratiya və insan hüquqları üzrə dialoq bərpa edilsin. Bakı və Vaşinqton arasında dialoq hələ 2006-cı ildə başlanmışdı və Azərbaycanda insan hüquqlarına hörmətin artırılmasına yönəlmişdi. Bu illər ərzində görüşlər davam edib və Obama administrasiyasının vaxtında Bakının xahişi ilə dayandırılıb.