Siyasət

“ABŞ “küçə xuliqanı” kimi davranır” - Lavrov

“ABŞ “küçə xuliqanı” kimi davranır və Rusiya qarşıdurma istəməsə də, özü üçün cavab verə bilər”.

AnTV.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Birinci Kanalda yayımlanan “Böyük Oyun” proqramının efirində bildirib.

“Bilirsiniz, indi nələrin baş verdiyini həyati obrazlarla təsvir etmək dəbdədir. Hamımız uşaqlıqda həyətdə oynayırdıq. Müxtəlif yaşda, fərqli məktəblərdən tərbiyə görmüş uşaqlar bir yerdə yaşayırdılar. Həm də həyətdə həmişə iki-üç əsas xuliqan olurdu: hamını sıraya düzürdülər, cəzalandırırdılar, ayaqqabılarını təmizləməyə məcbur edirdilər, pullarını götürürdülər - hansı ki, anaları səhər yeməyi və ya şirniyyat almaq üçün vermişdi. Ancaq iki, üç, dörd il keçəndən sonra bu balaca uşaqlar böyüdülər və cavabını verə bildilər. Bizim heç böyüməyə ehtiyacımız yoxdur. Heç bir qarşıdurma axtarmırıq”,- deyə Lavrov vurğulayıb.

 

Qeyd edək ki, bir müddət əvvəl ABŞ “Şimal Axını 2” layihəsinə qarşı sanksiyalar tətbiq etməyə davam edəcəyini açıqlamışdı. Mart ayının ortalarında isə Vaşinqton müxalif bloqqer Aleksey Navalnı ilə bağlı baş verənlərə görə Rusiyaya ixrac məhdudiyyətlərini genişləndirib.