Siyasət

ABŞ İranda uşaq bezi qıtlığı yaradıb?

Sentyabrın 5-də İran İslam Respublikasının pul vahidi olan rial yenidən rekord həddə düşüb. AnTv.az-ın xəbərinə görə, 4 ay əvvəl Amerika Birləşmiş Ştatları 2015-ci il nüvə sazişindən çıxdığını bəyan etdikdən sonra rial dəyərini sürətlə itirməkdədir. Həmin müddətdən etibarən İranın milli valyutası dəyərini az qala 2.5 dəfə itirib. Qərb mətbuatı yazır ki, valyuta xaosunu Tehranın hər yerində görmək mümkündür. Narahat sakinlər valyutadəyişmə məntəqələrinin qarşısında növbəyə durub, səyahət agentləri təklifləri yalnız xarici valyuta ilə verir, piştaxtalardan gündəlik tələbat malları, hətta uşaq bezləri sanki qeyb olur. Tehranın mərkəzində bir çox valyutadəyişmə məntəqələri elektron məzənnə lövhələrini söndürür, bəzi iranlılar isə dalanlardakı valyuta alverçilərinə üz tutur. Açıq qalan valyutadəyişmə məntəqələri bir ABŞ dollarını 150 min riala təklif edir. Tehran sakinləri deyir ki, situasiyanın kuliminasiya həddinə çatması hamını əsəbiləşdirir. Ancaq dövlət mediası milli valyutanın son ucuzlaşması barədə hələki heç nə yazmır. İran iqtisadiyyatı indiyədək çox problemli dönəmlərdən keçib. 1970-ci illərdə şah orduya aşırı vəsait ayıranda, 1979-cu il İslam İnqilabından və ABŞ səfirliyi tutulandan sonra Qərb sanksiyalar tətbiq edəndə bənzər durum yaranıb. Neft qiymətindəki dəyişiklik də öz sözünü deyib. Lakin buna baxmayaraq, Qərb mediası hazırda durumun başqa cür ol duğunu yazır. Milli valyuta Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Barak Obama administrasiyası dövründə nüvə sazişi imzalanınca yaranmış ümidlərlə birlikdə çökür. Prezident Donald Tramp 2018-ci ilin mayında ABŞ-ın nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu açıqlayıb. Ali dini lider Ayətullah Əli Xameneyi keçən həftəsonu Amerikanın addımlarını “sabotaj” adlandırıb və uşaq bezi qıtlığına da toxunub. Beləki, uşaq bezlərin hazırlandığı materialın 70 faizi idxal olunduğundan rial ucuzlaşdıqca, xaricdən alınan material da bahalaşır. Xameneyinin rəsmi saytında yerləşdirilmiş çıxışında deyilirki, təsəvvür edin, Tehranda və digər böyük şəhərlərdə uşaq bezləri qıtlaşıb. Bu baş verir, realdır. Uşaq bezləri! Bu, adamları qəzəbləndirir. Digər tərəfdən, düşmən istəyir ki, adamları hökumətdən, sistemdən narazı olsunlar. Bu, onların üsullarından biridir”. Qərb mətbuatı iddia edir ki, rial sentyabrın 5-də axşama doğru nisbətən möhkəmlənib, bir dollar 140 min riala bərabərləşib. Agentlik yazır ki, son möhkəmlənmənin hökumətin bazara xarici valyuta buraxmasıyla bağlı olub-olmaması bəlli deyil. Baxmayaraq ki, Mərkəzi Bank rəhbəri Abdolnaser Hemmati şənbə günü bazara valyuta transferinin məhdudlaşdırılacağını demişdi. AnTv.az