Nardaranda Aşura günü həbs edilənlər silah saxlamaqda ittiham olunurlar

0
39

Nardaranda sentyabrın 20-də Aşura mərasimi keçirilən günü yaşanan  gərginlik zamanı bir neçə nəfər  həbs olunub.

AnTv.az-ın xəbərinə görə, həmin şəxslərin həbsinə səbəb Aşura günü polisin Nardaranda məscidin qaşısını kəsərək, gələnləri içəri buraxmamasıdır.

Nardaranlıların sözlərinə görə, polislərdən məscidə qadağanın səbəbilə bağlı açıqlama istəyən, qadınlara, yaşlılara qarşı kobudluğa etiraz etdiyinə görə, 12 nəfər həbs olunub. Onların arasında gənclərin də olduğu bildirilir.

Belə ki, saxlanılanlardan 10 nəfərə Sabunçu Rayon Məhkəməsinin qərarıyla 10 sutka həbs cəzası veriblər. Onlar polisə müqavimətdə ittiham edilirlər.  Yerli sakinlərin sözlərinə görə isə,  mərasim iştirakçılarından heç kim polisə müqavimət göstərməyib: “Polis nəfərləri  özləri camaata kobudluq ediblər. İki nəfər ağsaqqala isə cinayət işi açıblar. Sutkalıq həbs olunanlar artıq buraxılıblar. İki nəfər isə Kürdəxanıda (Bakı istintaq təcridxanası) saxlanılır. Onlara silah ittihamı verilib”.

Sakinlər qeyd ediblər ki,  Aşura günü etirazını bildirən qadınlar saxlanılmasa da, onlar övladlarıyla hədələnir: “Günü bu gün də onların evlərinə polislər gəlib-gedir, övladlarını soruşurlar”.

Həbs olunan iki nəfərlə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti də məlumat yayıb. Nazirliyin məlumatında Aşura günü Nardaranda olanlar haqqında heç bir informasiya yoxdur. Yazılıb ki, polislərin keçirdiyi əməliyyat nəticəsində Nardaran sakinləri Hatəm Cəlilov və Fəxrəddin Əlxasovun həyətyanı sahələrindən silah tapılıb. İddia olunur ki, hər ikisi torpaqda 1  ədəd tüfəng gizlədib.

Nazirliyin məlumatına videogörüntülər də əlavə edilib. Görüntülərdə torpağı qazıb tüfəng çıxarılması, daha sonra H.Cəlilov və F.Alxasovun polis idarəsində etirafedici ifadə verməsi də öz əksini tapıb.

Sakinlər isə əksini deyib: “Bütün bunlar yalandır. Hatəm Cəlilovu hamının gözü qarşısında Aşura günü məsciddə mübahisəyə görə tutub aparıblar. Sonra evə gətiriblər. Bildiyimizə görə, onları hədələyiblər ki, əgər silah məsələsini boynunuza götürməsəniz, sizə Taleh Bağırzadəgil kimi daha ağır maddələr verərik”.

Qeyd edək ki, H.Cəlilov və F.Alxasova qarşı Cinayət Məcəlləsinin 228.1 maddəsilə ittiham irəli sürülüb. Bu maddəyə görə  qanunsuz silah saxlamaya görə üç ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Gülnaz Qənbərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin