3 il axtarışda olan Məhəmməd Nəsibovun məhkəmə istintaqı başlayıb

0
94

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində ittiham edilən Qazax rayon sakini Nəsibov Məhəmməd Mustafa oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Məhkəmə istintaqı zamanı o bildirib ki, Qazax rayon sakini, Bakının Binəqədi rayonu ərazisində kirayə yaşayan, Bakı-Qırmızı Körpü marşrutu üzrə taksi fəaliyyətiylə məşğul olan, 2015-ci il aprelin 25-də axşam saat 7-8 radələrində Nəsimi RPİ tərəfindən saxlanılaraq, daha sonra həbs edilən hazırda Cəzaçəkmə Müəssisəsində məhbus həyatı yaşayan Əliyev Həmid Rövşən oğlunu tanıyır və ona Qazağa aparması üçün bağlama verib. Məhkəmə istintaqı zamanı o bildirib ki, bağlamada yalnız mərasim yeməklərinin hazırlanması üçün böyük qazanlar olub.

Dövlət ittihamçısının istintaq xarakterli sualları zamanı çaş-baş cavablar verən M.Nəsibov bildirib ki, H.Əiyevin ona 11000 AZN borcu olub: “Müxtəlif zamanlarda ona maşın alması üçün borc vermişəm. Həmid həbs olunduğu gün də mənə zəng etmişdi ki, gəl, borcdan bir az düzəltmişəm, apar. 9-cu mikrorayonda “Favorit” mağazasının yanına çatanda gördüm ki, Həmid kiminləsə dalaşır, arxasınca gəlib kömək eləmək istədim, amma mən maşını çevirib çatanadək maşına basıb onu apardılar. “Yeganə” şadlıq evinin yanınadək arxalarınca getdim, lakin tixacda onu itirdim deyə, geri qayıtdım. İndi də pulu qaytara bilməyiblər deyə, mənə şər atıblar”.

Dövlət ittihamçısı bildirib ki, M.Nəsibov 3 il müddətində axtarışda olsa da, istintaqdan yayınmaq üçün yaşayış yerini dəyişib. Dövlət ittihamçısı bildirib ki, əgər həqiqətən H.Əliyevin sizə borcu var idisə, o zaman niyə bu haqda istintaqda və ya məhkəmə prosesi gedən zaman ondan bunu tələb etməmisiniz?

M.Nəsibov dövlət ittihamçısının suallarına cavab verməkdə çətinlik çəkib: “Onlardan indiyədək həmin borc pulu istəməmişəm. Amma daha istəyirəm”.

Daha sonra dövlət ittihamçısı M.Nəsibovdan soruşub ki, H.Əliyev həbs edilən gün və ondan sonraki gündə onunla 103 dəfə telefon danışığınız olub, üstəlik Müvəqqəti Saxlama Təcridxanasında da görüşmüsünüz. Bunu nə ilə izah edə bilərsiniz? Müttəhim bildirib ki, H.Əliyev həbs olunduqdan sonra ondan kömək istəyib deyə, yanına gedib. Dövlət ittihamçısı qeyd edib ki, saxlanılan şəxslə istintaq müddətində müstəntiqdən və vəkilindən başqa heç kim görüşə bilməz, hətta anasını belə görüşdürməzlər, odurki əsil səbəbi danışın.

Hakim F.Qəribovun suallarından yayınan müttəhim M.Nəsibov ittiham edildiyi çinayət işiylə bağlı günahsizligını sübuta yetirən dəlilləri də ortaya qoya bilməyib. Daha sonra şahid qismində H.Əliyevin anası və həyat yoldaşı dindirilib. H.Əliyevanın həyat yoldaşı Emine Əliyeva bildirib ki, H.Əliyevin müttəhimə borc adına nə verəcəyi, nə də alacağı var. H.Əliyevin sərnişindaşımada istifadə etdiyi avtomobil isə arendaya götürülüb və hər ay pulu ödənilib.

Şahid Minayə Əliyeva isə bildirib ki, oğlu həbs edilənədək heç vaxt bu adamla görüşü, münasibəti və ya düşmənçiliyi olmayıb: “Həmid Qarabağ uğrunda gedən müharibədə vuruşub, döyüşlərdə iştirak edib, yaralanıb, kontuziya alıb. Müharibə veteranıdır, əlildir. Həmişə ailəsini halal zəhmətlə dolandırıb. Qazax-Qırmızı Körpü-Bakı arasında taksiylə sərnişin daşıyıb. Hər gün taksiylə bü istiqamətdə sərnişin daşımaqla böyük ailəsini dolandırırdı. 2015-ci il aprelin 25-də axşam saat 7-8 radələrində evdən çıxdı ki, avtovağzala gedirəm.

Arasından az bir müddət keçdikdən sonra onun telefonundan zəng gəldi. Zəng edən tanımadığımız şəxs idi. Bildirdi ki, Nəsimi Rayon Polis İdarəsindəndir, oğlunuz Həmid buradadır. Bizi idarəyə çağırdı. Nə baş verdiyini bilmirdik. Düşündük ki, yəqin taksi sürücüləri sərnişin üstündə dava ediblər. Həmid müharibədə kontuzuya aldığına görə, bir az əsəbi və hövsələsizdir. Arada avtovağzalda müştəri üstündə sürücülər arasında söz-söhbət olurdu. Ora getdiyimizdə bəlli oldu ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları Binəqədi rayonu ərazisinə gəlib, oğlum Həmid Əliyevi aparıblar. Nəvəm Şəkərin başında şiş olduğuna görə, tez-tez burnundan qan açılır.

Həmin gün Həmid də evdən təzəcə çıxmışdı ki, yenə qızının burnundan qan açıldı. Həmən ona zəng etdim ki, əgər getməmisənsə, evə qayıt, qızın vəziyyəti pisləşib. Avtovağzalla 9-cu mikrorayonun arası hardasa 15 dəqiqəlik yoldur. Evə gəldi, dərman aldı, Şəkərin burnunun qanı kəsəndən sonra çıxdı, hardasa saat yarım sonra, dedi ki, siqaretim və birdəfəlik çayım qurtarıb, “Favorit” marketdən alım sonra gedim. Həmid deyir ki, marketə girdim, alış-veriş edib çıxanda gördüm ki, maşınımın yanında 2 nəfər mülkü geyimli şəxs dayanıb. Maşınına yaxınlaşanda həmin şəxslər sənədlərini təqdim edib deyiblər ki, biz sizin üzərinizdə baxış keçirəcəyik. Lakin yoxlama zamanı oğlumun üzərindən heç nə çıxmayıb. Sonra isə maşına baxış keçiriblər.

Qəribə burasıdır ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları Binəqədi rayonu ərazisində əməliyyat keçirirlər. Həmid sürücü olduğundan rayona aparmaq üçün bağlama və yük verənlər də olurdu. Həmin gün də səhər saatlarında həmyerlimiz indi müttəhim kürsüsündə əyləşən Məhəmməd Mustafa oğlu Nəsibov adlı şəxs ona balaca bir çanta verib, Qazaxda onu qardaşına çatdırmasını xahiş edib. Lakin həmin gün sərnişin olmadığından o, Qazax rayonuna gedə bilmədi. Məhəmməd adlı şəxsə zəng edib dedi ki, adam yoxdur deyə, Qazağa gedə bilmirəm, gəl çantanı geri apar. Məhəmməd Nəsibov telefonda gəlib çantanı götürəcəyini desə də, həmin gün gəlməyib.

Daha sonra isə axşam saatlarında “Favorit” marketdən çay və siqaret alıb çıxarkən Həmidin qarşısını 2 nəfər mülki geyimli şəxs kəsib və üzərində axtarış aparacaqlarını deyiblər. Sonra isə onu Nəsimi Rayon Polis İdarəsinə aparıblar. Avtomobilindəki Məhəmməd Mustafa oğlu Nəsibova məxsus kiçik bağlamanı Həmidin iştirakı olmadan açıb baxış keçiriblər. Daha sonra isə Həmidə həmin bağlamada narkotik maddə olduğunu bildiriblər. Elə oradaca polis əməkdaşları dinləmə vasitəsiylə Həmidlə Məhəmmədin telefon bağlantısını qurublar. Məhəmməd Mustafa oğlu Nəsibov telefon danışığı zamanı etiraf edib ki, bağlama ona məxsusdur və götürməyə gəlir. Görüş yeri təyin edilir, Məhəmməd Nəsibov bağlamanı Həmiddən geri alarkən polis əməkdaşları tərəfindən həbs edilir. 3 saat polis idarəsində saxlanıldıqdan sonra M.Nəsibovu arxa qapıdan buraxmışdılar. M.Nəsibovun hayına gələn qohum-qardaşı qapıda dayanmışdılar.

Orada olanlardan biri dedi ki, 20 000 pul var üzərimdə. Məhəmməd bu gün oradan çıxacaq. Gedin siz də bir 20 min tapın gətirin, onu da çıxardaq. Lakin biz bildirdik ki, Həmidin heç bir günahı yoxdur və nəyə görə gedib borc-xərc edib kiməsə pul verməliyik. Polis əməkdaşları Həmidə demişdilər ki, Məhəmmədə zəng elə, pul gətirsin səni də çıxarsın. Həmidə məxsus 050-381-82-44 nömrəli mobil telefondan M.Nəsibova məxsus 050-878-06-18 nömrəli mobil telefona 100-dən çox zəng edilib və bu haqda əlimizdə sorğunun nəticəsi var. M.Nəsibov ona yalan vəd verib, lakin gəlib çıxmadığına görə Həmidi Nəsimi Rayon Məhkəməsinə aparıb haqqında 2 ay həbs qətimkan tədbiri gördülər.

İstintaq əməliyyatları zamanı Həmid ona qarşı qurama cinayət əməli aparıdığını bildirib, ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. Lakin istintaq özü də onun günahkar olmadığını bilsə də, azad etmədilər. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində də təqsirləndirilənlər və şahid qismində dindirilənlər Həmidi tanımadıqlarını, ondan narkotik maddə almadıqlarını söyləsələr də, hakim bunu dəstənin bir-birini müdafiəsi kimi göstərib ona 10 il həbs cəzası verdi. Lakin narkotik vasitənin tapıldığı bağlamanın sahibi M.Nəsibovun adı nə ibtidai, nə də məhkəmə istintaqı zamanı ortaya çıxdı. O dövrdə həyat yoldaşım Rövşən zəng elədi ki, bağlamasına görə, Həmid həbs edildiyi Məhəmməd Nəsibov gəlib, bizimlə danışmaq istəyir.

Mən, qızım Rövşanə, gəlinim Eminə və onun azyaşlı oğluyla birlikdə getdik. M.Nəsibov dedi ki, günah mənimdir, özümü qurtardım, Həmidi də qurtaracam. Hətta şəxsiyyət vəsiqəsini də mənə verdi ki, sizdə qalsın. Ondan sonar bir neçə dəfə telefon danışığımızda “bu gün-sabah verəcəm, həmidi qurtaracam” desə də, M.Nəsibovdan xəbər çıxmadı. Sonra da zəng etdi ki, bankdan pul götürür Həmidi qurtarmaq üçün. Şəxsiyyət vəsiqəsini təqdim etməsə pul götürə bilməyəcəyini dedi, mən də sənədin kseroks edib, sonar qaytardım.

Bundan sonra M.Nəsibov itdi. Haqqında şikayət etmədiyimiz yer qalmadı, nəhayət layiq olduğu yerə gətirildi”. M.Əliyeva AnTv.az-a bildirib ki, məhkəmə prosesinə bir neçə gün qalmış M.Nəsibovun qohumları onların yaşadıqları kirayə mənzilə gəliblər: “Dedilər ki, məbləği deyin, sizə külli miqdarda pul verək, amma Məhəmmədi tutdurmayın. Qapıdan qovduq onları. Bu haqda hüquq-mühafizə orqanlarına məlumat da verdik”.

M.Əliyeva hazırda məhkəmə prosesinin ədalətli aparıldığını vurğulayıb: “Hələki proses ədalətli keçir, İnşəallah haqq yerini tutar”.

Qeyd edək ki, M.Nəsibov H. Əliyevin ailəsinin şikayəti əsasında həbs edilib.

Xatırladaq ki, təqsirləndirilən Nəsibov Məhəmməd Mustafa oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234-241, 234.4.3 (narkotik vasitələrin və psixotrop maddәlәrin qanunsuz dövriyyәsi) maddələriylə ittiham edilir.

Proses noyabrın 21-də davam edəcək.

Gülnaz Qənbərli                                                                                                    Namir Həsənli                                                                                                        Aytac Kamilli

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin